BAKI, 25 iyun. TELEQRAF

"Mərkəzi Bank tərəfindən 2019-cu ildə banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası qəbul edilmişdi. Bu sənəd əsasən bankların informasiya təhlükəsizliyi üzrə daxili siyasət və prosedurlarının formalaşdırılmasına yönəlmişdi. Lakin bu yanaşma yalnız bank sektoruna əhatə edirdi və maliyyə bazarının digər iştirakçıları bu çərçivədən kənarda qalırdı".

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə Bazarları üzrə Hüquqi Təminat Departamentinin Bank Sektoru üzrə Hüquqi Təminat şöbəsinin rəhbəri Mehdi Mehdizadə “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisinin ikinci günündə çıxışı zamanı deyib:

"2019-cu ildən Mərkəzi Bankın öhdəliklərindən biri müxtəlif prudensiyal tənzimləmələrin, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı tələblərin formalaşdırılmasıdır. Bu səbəblə 2023-cü ildə banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi qaydası ləğv edildi və onun əvvəzində maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər qəbul edildi.

Bu sənəd artıq tək bankları deyil, həm də ödəniş təşkilatları, elektron pul təşkilatlar, investisiya şirkətləri, sığortaçılar, bank olmayan kredit təşkilatları və digər subyekləri əhatə edir. Yeni tələblərin tətbiqi nəticəsində maliyyə sektorunda informasiya təhlükəsizliyinə yanaşmada vahid standartlar formalaşdırılıb. Sektorlar arası koordinasiyanın güclənməsinə, həmçinin tənzimləyici orqanın nəzarət imkanlarının daha da genişlənməsinə şərait yaranıb".

Mehdi Mehdizadə bildirdi ki, Azərbaycanın maliyyə bazarlarında fəaliyyət göstərən subyektlərə informasiya təhlükəsizliyi ilə bağlı vahid və daha ciddi tələblər tətbiq olunmağa başlayıb. O, həmçinin, artıq primitiv texnologiyaların tətbiq olunduğu dövrün geridə qaldığını dedi.