BAKI, 21 iyun. TELEQRAF

İyulun 17-də “Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, yığıncaqda “Bank Avrasiya” ASC-nin ötən il üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqi məsələsinə baxılacaq.

Qeyd edək ki, 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərinə əsasən “Bank Avrasiya” ASC-nin cəmi öhdəlikləri və kapitalı azalaraq ötən ilin sonundakı 200 milyon 977 min manatdan bu ilin 3 ayında 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan cari ilin eyni dövründə 1,389.03 min manata enib. Maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata düşüb. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. “Bank Avrasiya” ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63%(18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata düşüb. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə “Top Properties” MMC, 49,5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.