BAKI, 20 iyun. TELEQRAF

Əcnəbi rezidentlərə rəqabətqabiliyyətli vergi və gömrük şərtləri təklif edən, həm istehsal, həm də təkrar ixrac üçün cəlbedici mühit yaradan Ələt Azad İqtisadi Zonasının inkişafına xüsusi önəm verilir.

Teleqraf xəbər verir ki bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib:

Özbəkistan azərbaycanlı investorlar üçün əsas tərəfdaşlardan biridir və eyni zamanda, biz özbək biznesinin bazara böyük marağının şahidi oluruq. Bu istiqamətdə nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan- Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir".

Nazir bildirib ki, hazırda Daşkənddə yerləşən Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin Bakıda da ofisi açılacaq.

O həmçinin Azərbaycan və Özbəkistan 2030-cü ilə qədər illik ticarət dövriyyəsinin dəyərinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı razılıq əldə edildiyini deyib. Məlum olub ki, bu ilin 5 ayında Özbəkistanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon ABŞ dollarını ötüb.