BAKI, 20 iyun. TELEQRAF

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xocavənd rayonunun Quzeyxırman kəndində fərdi yaşayış evlərində təmir ilə əlaqədar “Az-Caspian Construction” MMC ilə müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bağlanılmış müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinə isə 6 milyon 230 min manat sərf olunacaq.

Diqqəti çəkən, satınalmanın bir mənbədən reallaşdırılmasıdır. Təmir işlərinin sentyabrın 1-nə yekunlaşdırılması planlaşdırılır.

Nəzərə çatdıraq ki, eyni şirkət bu il ərzində Elm və Təhsil Nazirliyinin nəznindəki “Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarışi ilə Xankəndi şəhərində yerləşən 7 ədəd (2 və 3-cü binalar) yataqxana tipli yaşayış binalarının əsaslı təmiri işlərini də görəcək. Bu müqavilənin dəyəri 4,5 milyon manatdır. Bu satınalma da bir mənbədən baş tutub.

Ümumiyyətlə “Az-Caspian Construction” ilə imzalanan müqavilələrin əksəriyyəti bir mənbədən reallaşan satınalmalar üzrədir.

Şirkətin 2021-2022-ci illərdə icra etdiyi Ağdam və Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı satın alınma da bir mənbədən baş tutub. Bu layihənin dəyəri 3.9 milyon manat olub. İşlər Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sifarişi ilə icra edilib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sifarişi ilə elə həmin illərdə “Az-Caspian Construction”a 3,4 milyon manatlıq daha bir layihə icra etdirilib. Bir məbədən reallaşan satınalmaya Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin aparılması daxil idi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə “Az-Caspian Construction” ilə imzaladığı, dəyəri 1 milyon 368 min manat olan müqavilə də bir mənbədən satınalma üzrə bağlanıb. Bu müqavilə də Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpasını nəzərdə tuturdu.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “Az-Caspian Construction” ilə 2019-cu ildə imzaladığı müqavilənin satınalma metodu isə bəlli deyil. Bu işlərin dəyəri yarım milyon manat təşkil edib.

Bundan əlavə “Az-Caspian Construction” Elm və Təhsil Nazirliyinin “Əsaslı Tikinti və Təchizat İdarəsi”nin sifarışı ilə 2023-cü ildə Ağdamın Rzalar kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisini aparıb. Bu müqavilə açıq tender üzrə imzalanıb. Və dəyəri 2 milyon 778 min 782 manat olub. Müqavilə üzrə işlərin bitmə tarixi kimi ötən ilin sonu göstərilib. Lakin bu ilin fevralında rəsmi mediada binanın fasad və daxilində suvaq, həmçinin santexnik, elektrik işləri görüldüyü, dam örtüyünün vurulduğu, işlərin avqust ayında başa çatdırılacağı yönündə məlumatlar yer alıb.

Elm və Təhsil Nazirliyinin “Əsaslı Tikinti və Təchizat İdarəsi” 2022-ci ildə isə şirkətə 4 milyon 145 min 965 manata Bərdənin Alpoud kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi işlərini həvalə edib.

Şirkət 2009-cu ilin yanvarın 21-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur.Dövlətin milyonluq layihələrini icra edən şirkətin dövlətə 1 milyon 748 min manat vergi borcu var. Qanunvericiliyə görə, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz.

Digər məsələ dövlət qurumunun milyonluq layihələri ard-arda eyni şirkətə bir mənbədən satınalma metodu ilə həvalə etməsidir.Yəni, ölkənin tikinti bazarında rəqabətin olması şəraitində tək şirkət kimi bu şirkətə üstünlük verilməsidir. Məsələn, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2021-2022-ci illərdə “Az-Caspian Construction” ilə ard-arda iki müqavilə imzalayıb. Qanuna görə, satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda bir mənbədən satınalma metodu icra edilir. Qeyd etdiyimiz kimi bazarda “Az-Caspian Construction” kimi yüzlərlə şirkət var.

Ekspertlər bildirir ki, bir mənbədən satınalmada görülən işlərə, alınan mallara nəzarət imkanları məhdud olur. Bunun nəticəsi kimi yuxarıda qeyd etdiyimiz Ağdamın Rzalar kəndində 180 şagird yerlik tam orta məktəbin tikintisini göstərmək olar. Belə ki, işlər müqavilədə nəzərdə tutulan müddətdə yekunlaşdırılmayıb. Hələ də tikinti quraşdırma işləri davam edir.