BAKI, 7 may. TELEQRAF

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yazlıq əkinlərin bəyanı üçün son tarix kimi mayın 31-i müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq EKTİS-də bəyan etməlidirlər.

Qurumdan bildirilib ki, elektron müraciətin formalaşması üçün fermerlər EKTİS şəxsi kabinetlərində mülkiyyət və istifadə hüququna dair sənədlərə əsasən qeydiyyatdan keçirdikləri təsərrüfatları (torpaq sahələri) üzrə apardıqları yazlıq əkinlərlə bağlı məlumatları daxil etməlidirlər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, 5 hektardan artıq sahədə aparılan əkinlər aqrokimyəvi analiz və 10 ha üzərində əkinlər, habelə yeni salınan meyvə bağları sığorta predmeti hesab olunur. Bu səbəbdən, yazlıq əkin aparan fermerlər torpaq nümunələrindən analiz verməli və əkinlərini 50 faiz dövlət dəstəyi ilə sığortalamalıdırlar.