BAKI, 19 mart. TELEQRAF

Xəbər verdiyimiz kimi, Türkiyədə 100 ən böyük şirkətin bazar dəyərini izləyən BIST 100 indeksi günə 6,87 faiz dəyər itkisi ilə başlayıb.

Türkiyə saatı ilə 12:01-ə olan məlumata görə, daha çox bank, sığorta, enerji şirkətlərinin səhmləri ucuzlaşıb. Dəyər itkisi 9%-dən 17%-ə qədər yüksəlir.

Qonşu ölkənin səhm bazarında dalğalanma davam edir.

Qeyd edək ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək "X" hesabında birjalardakı volatilliyə münasibət bildirib.

"Bazarların sağlam işləməsi üçün lazım olan hər şey edilir. Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir", - deyə o bildirib.

12:24

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfər haqqında çıxarılan həbs qərarından sonra maliyyə bazarlarında ciddi dalğalanmalar yaşanıb.

Teleqraf xəbər verir ki, bu gərginlik fonunda İstanbul birjası yeni iş həftəsinə kəskin enişlə başlayıb.

BIST 100 indeksi günə 6,87 faiz dəyər itirərək 10.060,48 xal ilə start verib.