BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı tətbiq ediləcək gömrük rüsumlarına 25 faiz tarif tətbiq etməyə qərar verib.

Teleqraf xəbər verir ki, Tramp Ağ Evdə keçirilən ilk kabinet iclasında gündəmlə bağlı dəyərləndirmələr aparıb.

O, həmçinin, çıxışında Kanada və Meksikaya tətbiq edilən tariflərin qüvvədə qalacağını vurğulayaraq, bu ölkələr üzərindən ABŞ-a daxil olan fentanil səbəbindən milyonlarla insanın həyatını itirdiyini iddia edib.

Tramp bildirib ki, Kanada və Meksikaya tətbiq edilən tariflərdən əlavə, digər bütün tariflər 2 aprel tarixindən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, ABŞ Prezidenti fevralın 1-də imzaladığı fərmanla Kanada və Meksikadan da idxal edilən məhsullara 25 faiz gömrük rüsumu tətbiq etmişdi. Tariflərin 4 fevralda qüvvəyə minməsi planlaşdırılsa da, Tramp tariflərin qüvvəyə minməsindən bir gün əvvəl sərhəd təhlükəsizliyinin artırılması müqabilində onların 30 gün müddətinə dayandırıldığını açıqlamışdı.