Bakı, 18 fevral, TELEQRAF

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərxalça” ASC-nin birgə layihəsi olaraq təşkil olunan "Xəzərin qoruyucuları: mayaklar və xalçalar" sərgisi, Suraxanı gəmi-muzeyində öz işini davam etdirir.

Teleqraf xəbər verir ki, sərgi, gəmi-muzeyin "Naviqasiya və kommunikasiya" zalında yerləşir və burada “Azərxalça”nın Xaçmaz emalatxanasında toxunmuş Xəzər sahilindəki 8 mayakı əks etdirən xalçalar nümayiş olunur. Bu xalçalar arasında “Amburan”, “Abşeron”, “Şüvəlan”, “Çilov”, “Nargin (Böyük Zirə)”, “Lənkəran”, “Səngi Muğan” və “Kür dili” xalçaları yer alır. Hər bir xalça, Xəzər sahilindəki mayakları əks etdirərək, həmin bölgənin mədəni və tarixi irsini ziyarətçilərə təqdim edir.

Sərgidə, həmçinin, “Suraxanı” gəmi-muzeyinin kolleksiyasına daxil olan dünyanın və Azərbaycanın məşhur mayaklarının maketləri də təqdim edilir. Ümumilikdə, gəmi-muzeyin kolleksiyasında 12 fərqli mayakın maketi yer alır.

Bu sərgi, həm xalçaçılıq sənətinin zənginliyini, həm də Xəzər sahilindəki mayakların tarixi və mədəni əhəmiyyətini vurğulamaqla, ziyarətçilərə xalçalar və mayaklar arasındakı sıx əlaqəni göstərir. Sərgi həmçinin, Azərbaycanın mədəni irsi və dənizçilik sahəsindəki ənənələrinə dair maraqlı məlumatlar təqdim edir.

Qeyd edək ki, sərgi aprel ayına qədər ziyarətçilər üçün açıq olacaq.