BAKI, 14 fevral. TELEQRAF

ABŞ-da Sevgililər Gününə olan maraq hər il artmaqda davam edir. 2025-ci ildə əhalinin 14 fevral üçün ümumi xərclərinin 27,5 milyard dollara çatacağı gözlənilir. Bu, ötən illə müqayisədə (25,8 milyard dollar) əhəmiyyətli artımdır və indiyədək qeydə alınmış ən yüksək göstərici olan 27,4 milyard dollarlıq 2020-ci il rekordunu yeniləyə bilər.

Teleqraf xəbər verir ki, "NRF" və "Prosper Insights & Analytics" tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının 56%-i Sevgililər Gününü qeyd etməyi planlaşdırır. Bu göstərici 2024-cü ildə 53% idi. Bayram üçün orta hesabla, adambaşına 188,81 dollar xərclənəcəyi gözlənilir ki, bu da ötən ilki göstəricidən (185,81 dollar) yüksəkdir.

Əhali arasında ən populyar hədiyyələr şirniyyat (56%), təbrik kartları (40%) və çiçəkdir (40%). Bundan əlavə, sorğu iştirakçılarının 35%-i restorana, teatra və ya kinoya getməyi, 22%-i isə zinət əşyaları hədiyyə etməyi planlaşdırır.

Ümumilikdə, xərclərin təxminən 6,5 milyard dollarının dekorasiyaya, 5,4 milyard dollarının evdənkənar şənliklərə ayrılacağı proqnozlaşdırılır. Gül dükanlarına 2,9 milyard dollar, şirniyyata 2,5 milyard dollar, hədiyyə kartlarına 1,4 milyard dollar sərf ediləcəyi təxmin olunur.

Sorğu nəticələrinə görə, ABŞ əhalisi hədiyyə alış-verişi üçün əsasən onlayn platformalara (38%) üstünlük verirlər. Bunun ardınca ənənəvi mağazalar (34%), endirimli mağazalar (29%) və çiçək dükanları (18%) gəlir götürəcəklər.

Qeyd edək ki, ABŞ-da təkcə sevgililər deyil, uşaqlar, valideynlər, dostlar, müəllimlər və həmkarlara da hədiyyələr bəxş edilir.

Avropada da Sevgililər Gününü qeyd edilir. Beləliklə, "Finder"in sorğusuna əsasən 61% və ya 32,7 milyon britaniyalı 2025-ci ildə bu günü qeyd edəcək.

Britaniyalıların 1,5 milyard funt sterlinq və ya adambaşına 52 funt sterlinq xərcləyəcəkləri proqnozlaşdırılır. Bu, 2021-ci illə müqayisədə əhəmiyyətli artımdır. Həmin dövrdə britaniyalıların Sevgililər Günündə ümumi xərcləri 926.000 funt sterlinq olub.

Rusiyada aparılan sorğulara görə, əhalinin 34%-i bu günü qeyd etməyi planlaşdırır. Müqayisə üçün qeyd edək ki, 20 il əvvəl 51% bu bayramı qeyd edirdi. "VTsIOM" analitikləri marağın azalmasının səbəbini Sevgililər Gününün rus mədəniyyətinə yadlaşması və cəmiyyətin yorğunluğu ilə əlaqələndirir.

Sevgililər günü səhm bazarına da təsir edir. “Zacks Investment Research” investisiya şirkətinin analitiklərinin fikrincə, ABŞ-nin “Royal Caribbean Cruises” şirkətinin, həmçinin "Netflix" platformasının səhmlərinin yüksəlməsi gözlənilir. "Netflix"in səhmlərində 2024-cü ilin 14 fevralında təxminən 80% artım qeydə alınıb.