BAKI, 23 yanvar. TELEQRAF

Bakının Nərimanov rayonunda küçədə ucadan nalayiq ifadələr işlədən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Təbriz küçəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında baş verib.

2004-cü il təvəllüdlü Tahir Cəmilov (ad-soyad şərti verilib – red.) yüksək səslə danışaraq nalayiq ifadələr işlədib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cəmilov bildirib ki, yanvarın 21-də, gecə saat 02:00-da marketin qarşısında telefonla danışarkən əsəbi olduğu üçün yüksək səslə nalayiq ifadələr işlədib: “Telefonda danışdığım şəxs borcumu qaytarmasını tələb etdiyim dostum olub. Həmin zaman polis əməkdaşları yaxınlaşaraq mənə irad bildirdilər. Mən isə əsəbi olduğuma görə yenə də söyüş söyməyə davam etdim”.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cəmilov 7 gün müddətinə inzibati qaydada həbs edilib.