BAKI, 4 sentyabr. TELEQRAF

Bu gün saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.

"1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

Məryəm Surxay

***

16:38

CƏLİLABAD, 4 sentyabr. TELEQRAF

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Hamarqışlaq kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “VAZ-21099” markalı digər avtomobil toqquşub.

Hadisə nəticəsində azyaşlıların da olduğu 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.