BİLƏSUVAR, 11 avqust, TELEQRAF

Biləsuvar rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, avqustun 11-də saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90,5-ci kilometrliyində “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “99 BB 480” dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub. Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər nəqliyyat vasitəsi – “99 SS 957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Ümumilikdə qəza nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi xəstəxanaya hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

***

22.15

Biləsuvar rayonunda qəzanın təfərrüatı məlum olub.

Teleqraf-ın Cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 3 nəfər – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

20.23

Biləsuvar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.