BAKI, 5 avqust. TELEQRAF

Bu gün saat 11:10 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (hər biri kişi cinsli olmaqla) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1977, 2012 və 2013-cü il (4 nəfər) təvəllüdlü şəxslərə müştərək travmalar, üzün, baldırın və bədənin bir neçə nahiyəsinin çapılmış, sıyrılmış yaraları diaqnozları təyin olunub.

2013-cü il təvəllüdlü şəxslərdən birinə zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı tibbi xidmət göstərilməsi üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Digər şəxslərin müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

***

13:46

İMİŞLİ, 5 avqust. TELEQRAF

İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Faktla bağlı araşdırma aparılır.