BAKI, 5 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsi tərəfindən Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəkirov Taleh Ağaəli oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Zərdab Rayon İcra Hakimiyyətindən də Teleqraf-a bildirilib ki, Rayon İcra Hakimiyyəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Zərdab rayonunun Qoruqbağı kənd sakini Bəkirov Taleh Ağəli oğluna mülkiyyət, icarə və istifadə hüququ olmadan qanunsuz hasarladığı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində heç bir icazə sənədləri olmayıb.

“Ona inşa etdiyi qeyri-yaşayış obyektinin sökülərək torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması barədə xəbərdarlıq edilib.

Vətəndaş xəbərdarlığa heç bir məhəl qoymayıb, zəbt etmə və qanunsuz hasarlama işlərini davam etdirib.

FHN TTNDA-nin qeyri-yaşayış obyektinin sökülməsi barədə 0026 nömrəli, 23 may 2025-ci il tarixli Qərarına uyğun olaraq Zərdab RİH, FHN TTNDA, ƏMDX-nin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz tikintinin qarşısı alınıb və sökülüb”, - məlumatda qeyd edilib.