BAKI, 23 aprel. TELEQRAF

Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Pokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub.

Aprelin 22-də saat 19:20 radələrində bir nəfər Şərur rayon Oğlanqala kənd sakininin öldürülərək su quyusuna atılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

10:21

***

Şərur rayonunda quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, meyiti tapılan şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb.

Məlum olub ki, Zeynəb İsmayılova qətlə yetirilib. Onu həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərovanın qətlə yetirdiyi üzə çıxıb.

Qətl hadisəsi aprelinn 20-də baş verib. A.Əskərova həmin gün 75 yaşlı qadını qətlə yetirib və cinayətin izini itirmək məqsədilə quyuya atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti quyudan aprelin 22-də tapıblar.

Məlumata görə, 75 yaşlı qadın kimsəsiz olub. İddia olunur ki, hadisə pul üstündə baş verib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

09:45

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.