GƏNCƏ, 18 fevral. TELEQRAF

Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli orta məktəbdə 5-ci sinif şagirdini döydüyü iddia edilən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayev onun haqqında deyilənlərə aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, C.Rzayev qeyd edilən məsələ ilə bağlı ona böhtan atıldığını bildirib.

Hadisə baş verdiyi gün şagirdi Ə.Hüseynovun dərsə 15 dəqiqə gecikdiyini qeyd edən müəllim bunları söyləyib: "Mən qəbul edirəm ki, təcrübəsizliyimdən bir şagirdə qarşı bir az sərt davranmışam. Amma o iddia edir ki, mən guya onu ayaqyoluna salıb, iki-üç dəfə başına zərbə endirmişəm. Sonra da yerə yıxdığım zaman əli əzilib. Bununla bağlı videogörüntülər var. Dəhlizdə mən uşağa deyirəm ki, sən həddini aşırsan. Bundan sonra onu azca silkələyir, sonra sinifə salıram. Həmin şagird öz əlini 4-5 dəfə divara vurub. Əlini və barmaqlarını özü əzib".

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi sözügedən məktəbdə qeydə alınan insidentlə bağlı C.Rzayevin əmək müqaviləsinə xitam verib.