İyulun 26-da saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti ad-red.) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Xətai rayon prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü C.Əliyevin (ad şərtidir-red.) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla M.Məmmədovun üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.