BAKI, 22 iyul. TELEQRAF
2026-cı il dünya çempionatından sonra futbolçuların transfer bazarındakı dəyərləri yenilənib.
Teleqraf xəbər verir ki, Transfermarkt mundialda göstərilən çıxışlar və yay transfer pəncərəsində baş verən keçidlər nəzərə alınmaqla 99 futbolçunun bazar dəyərini artırıb.
Bu yenilənmədə heç bir oyunçunun qiyməti aşağı salınmayıb.
Ən diqqətçəkən dəyişikliklər Erlinq Holann və Lamin Yamalın dəyərində olub. “Mançester Siti”nin norveçli hücumçusu və dünya çempionu İspaniya millisinin, həmçinin “Barselona”nın 19 yaşlı ulduzu bazar dəyərlərini 200 milyon avrodan 220 milyon avroya yüksəldiblər. Bununla da onlar Transfermarktın 2004-cü ildən bəri apardığı qiymətləndirmə tarixində ilk dəfə 220 milyon avro həddinə çatan futbolçular olublar.
Dünya çempionatının bombardiri Kilian Mbappe də dəyərini 200 milyon avroya çatdırıb. “Bavariya”nın fransalı futbolçusu Maykl Olise isə 150 milyon avrodan 170 milyon avroya yüksələrək Bundesliqa tarixində bir klubun heyətində bu həddə çatan ilk futbolçu olub.
DÇ-2026-dan sonra ən çox bahalaşan futbolçu isə “Mançester Siti”yə transfer olunan Elliot Anderson olub. İngilis yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro artaraq 110 milyon avroya yüksəlib.
Son yeniləmədən sonra bazar dəyəri 100 milyon avro və daha yüksək olan futbolçuların sayı 26-ya çatıb. İspaniyalı Pau Kubarsi 100 milyon avroluq dəyərlə Uilyam Saliba ilə birlikdə dünyanın ən bahalı mərkəz müdafiəçisi hesab olunur.
Klublar arasında isə “Barselona”, “Real Madrid” və “Mançester Siti” heyətlərinin ümumi bazar dəyərini 60 milyon avro artıraraq siyahıya başçılıq ediblər. Milli komandalar arasında ən böyük artım isə 115 milyon avro ilə İngiltərəyə məxsus olub.