BAKI, 9 iyun. TELEQRAF
UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA və onun hazırkı prezidenti Canni İnfantinoya qarşı Fransada mülki və cinayət işi qaldırıb.
Teleqraf Reuters agentliyinə istinadən xəbər verir ki, Platini 2015-ci ildə ona qarşı irəli sürülmüş korrupsiya ittihamlarının arxasında məqsədli kampaniyanın dayandığını iddia edir.
Parisdə açılan cinayət işində İnfantino ilə yanaşı, FIFA-nın sabiq hüquq direktoru Marko Villiger və audit komitəsinin keçmiş sədri Domeniko Skala da təqsirləndirilən şəxslər qismində göstərilib. Onlar qərəzli təqib və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
Platini həmçinin FIFA-ya qarşı ayrıca mülki iddia qaldıraraq, qurumun on ildən çox əvvəl onun FIFA prezidentliyinə seçilməsinin qarşısını almaq üçün daxili manevrlər etdiyini bildirib və maliyyə kompensasiyası tələb edib.
İşin əsasında 2015-ci ilin sonunda üzə çıxan və FIFA tərəfindən Platiniyə ödənilmiş 2 milyon İsveçrə frankı məbləğində vəsait dayanır. Həmin ödəniş 2011-ci ildə o vaxtkı FIFA prezidenti Yozef Blatter tərəfindən təsdiqlənmişdi.
Bundan sonra etik qaydaların pozulması ilə bağlı tətbiq edilən sanksiyalar Platininin futboldan uzaqlaşdırılmasına səbəb olmuş, həmin dövrdə UEFA-nın baş katibi olan İnfantinoya isə 2016-cı ildə FIFA prezidenti seçilmək üçün yol açmışdı.
Qeyd edək ki, İsveçrənin Federal Cinayət Apellyasiya Məhkəməsi 25 mart 2025-ci ildə Platini və Blatter barəsində çıxarılmış bəraət hökmünü qüvvədə saxlayıb. Bununla da fırıldaqçılıq və sənəd saxtakarlığı ittihamları tamamilə ləğv edilib.
Platini bəraət aldıqdan sonra bu prosesin FIFA prezidentliyinə namizədliyinin qarşısını almaq məqsədi daşıdığını bildirib. O, artıq futbola qayıtmaq üçün yaşının uyğun olmadığını da vurğulayıb.
Fransa müstəntiqlərinə FIFA rəsmilərinin fəaliyyətini və ilkin istintaq zamanı İsveçrə prokurorları ilə qurum arasında qeyri-qanuni koordinasiyanın olub-olmadığını araşdırmaq tapşırılıb.