BAKI, 2 iyun. TELEQRAF
DÇ-2026 ərəfəsində final mərhələyə vəsiqə qazanan futbolçular arasında Kriştianu Ronaldu bir sıra əsas göstəricilərdə liderlik edir.
Teleqraf xəbər verir ki, Portuqaliya millisinin kapitanı həm yaş, həm qol, həm də oyun sayında rəqiblərini qabaqlayır.
Turnirdə 7 dünya çempionu millisi yer alır: Uruqvay (1930, 1950), Almaniya (1954, 1974, 1990, 2014), Braziliya (1958, 1962, 1970, 1994, 2002), İngiltərə (1966), Argentina (1978, 1986, 2022), Fransa (1998, 2018) və İspaniya (2010).
Turnirdə iştirak edəcək 48 milli arasında Portuqaliya 26 futbolçusunun ümumi beynəlxalq oyun sayı ilə 1119 matç göstəricisinə malikdir və bu baxımdan üçüncü yerdədir. Yalnız Argentina (1224) və Meksika (1195) daha öndədir.
Bu göstəricilərin əsas payı Kriştianu Ronaldu (226 oyun), Bernardo Silva (107), Bruno Fernandes (87) və Ruben Diasa (74) məxsusdur.
Argentina millisində 75-dən çox oyuna sahib 6 futbolçu var: Lionel Messi (198), Nikolas Otamendi (130), De Paul (85), Leandro Paredes (85), Nikolas Talyafiko (75) və Lautaro Martinez (75).
Braziliyada 4 futbolçu bu göstəricini keçib: Neymar (128), Marquinhos (104), Kasemiro (85) və Alisson (77).
Almaniyada da 4 futbolçu var: Manuel Noyer (124), Yoşua Kimmix (109), Antonio Rüdiger (82), Leroy Sane (75). İngiltərədə isə Keyn (112), Henderson (89), Stones (87) və Pikford (82) önə çıxır. Fransada yalnız Mbappe (96), İspaniyada isə ən çox Rodri (61) diqqət çəkir.
Qol göstəricisinə görə Portuqaliya 255 qolla liderdir. Argentina 218, Uruqvay 174 qolla ardınca gəlir. Bu üstünlük əsasən Ronaldo (143) və Messi (116) hesabına formalaşıb.
Ronaldu 41 yaş 4 ayla turnirin final mərhələsindəki ən yaşlı meydan oyunçusudur. Yalnız Şotlandiya millisinin qapıçısı Kreyq Qordon ondan daha yaşlıdır.
Nəticədə bütün əsas göstəricilərdə Ronaldu ön plandadır: ən çox oyun, ən çox qol və ən yaşlı oyunçulardan biri. Dünya çempionatlarının final mərhələlərində iştirak sayına görə isə Ronaldu və Messi birlikdə rekordçular olaraq qalırlar.