BAKI, 30 noyabr. TELEQRAF

Cənubi Amerikanın ən nüfuzlu futbol turniri olan Libertadores Kubokunun final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, həlledici matçda Braziliyanın “Flamenqo” və “Palmeyras” komandaları qarşılaşıb.

Peruda təşkil olunan görüşdə “qırmızı-qaralar” Danilonun 67-ci dəqiqədə vurduğu qolla titula yiyələnib.

Bu, “Flamenqo” tarixinin 4-cü Libertadores Kuboku çempionluğudur. “Palmeyras”ın isə üç belə nailiyyəti var.

Qeyd edək ki, “Flamenqo”nun şərəfini qoruyan “Qarabağ”ın sabiq hücumçusu Olavio Juninyo 85-ci dəqiqədə meydana daxil olub.