BAKI, 15 oktyabr. TELEQRAF
İspaniya “Real Madrid”i ilə braziliyalı futbolçu Vinisius Junior arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar gözləniləndən uzun çəkir.
Teleqraf “Defensa Central”a istinadən xəbər verir ki, tərəflərin mövqeləri ümumilikdə üst-üstə düşür - hər iki tərəf əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Vinisius anlayır ki, daha yüksək maaş təklif olunsa belə, “Real”dan daha yaxşı klub tapmağı çətindir. “Kral klub”unun rəhbərliyi də bilir ki, bu səviyyədə oyunçunu əvəzləmək mümkünsüzdür”, – məlumatda bildirilir.
Lakin “Sky Sports”un məlumatına görə, danışıqlar futbolçunun iki tələbi səbəbindən ləngiyib. Vinisius yeni müqaviləyə görə bonus almaq və bəzi bonusların bir hissəsini sığortalı ödənişlərə çevirmək istəyir.
“Real” 25 yaşlı vingerlə qarşıdakı aylarda razılığa gəlməyə ümid edir, lakin bunun üçün braziliyalı oyunçunun müəyyən güzəştlərə getməsi lazım olacaq.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.