BAKI, 20 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının V turunun növbəti oyun günündə “Qəbələ” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün 44-cü dəqiqəsində “qırmızı-qaralar”ın oyunçusu Adriel Ba Loua fərqlənib. 59-cu dəqiqədə isə Prins Ovusunun vurduğu qolla meydan sahibləri hesabda üstünlüyü təmin edib. Ovusu 8 dəqiqə sonra yenidən rəqib qapısına tol taparaq “dubl”a imza atıb.
Bu görüşlə mövsümdə ilk qələbəsini qazanan Kaxaber Sxadadzenin komandası 4 xalla turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. Adil Şükürovun rəhbərlik etdiyi kollektiv isə 0 xalla turnir cədvəlinin sonuncusudur.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” klubu “Turan Tovuz”u qəbul edəcək.