BAKI. 26 iyun. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin son 4 görüşü keçiriləcək.

Teleqraf xəbər verir ki, əvvəlcə G qrupunda, daha sonra H qrupunda III turun qarşılaşmaları oynanılacaq.

Bu gün Bakı vaxtı ilə saat 23:00-da İtaliya "Yuventus"u İngiltərənin "Mançester Siti" komandası, Mərakeş "Vidad"ı isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunu sınağa çəkəcək. İlk 2 turdan sonra "Yuventus" və "Mançester Siti" G qrupunda hərəyə 6 xalla ilk 2 yeri tutur və növbəti mərhələyə vəsiqəni təmin edib. İki kollektiv arasındakı görüş qrup qalibini müəyyənləşdirəcək. Xalı olmayan "Vidad" və "Əl Ayn" isə qrupu xalsız başa vurmamaq üçün mübarizə aparacaqlar.

Gecə saat 05:00-da isə Avstriya "Zaltsburq"u İspaniya "Real Madrid"i, Səudiyyə Ərəbistanının "Əl Hilal"ı isə Meksika "Paçuka"sı ilə qarşılaşacaq. Hazırda "Real Madrid" və "Zaltsburq" hərəyə 4 xalla H qrupunda ilk 2 yeri bölüşür. "Əl Hilal" 2 xalla 3-cü, xalı olmayan və növbəti mərhələ şansı qalmayan "Paçuka" isə sonuncudur.

Qruplarda ilk 2 yeri tutanlar bir-biriləri ilə çarpaz üsulla 1/8 finalda üz-üzə gələcəklər.

İlk 6 qrupda başa çatmış III tur oyunlarından sonra 1/8 final cütlərindən 6-nın tərkibi müəyyənləşib:

28 iyun

20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)
00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

29 iyun

20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)
00:00. "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).

30 iyun

23:00. "İnter" (İtaliya) - "Fluminense" (Braziliya)

1 iyul

05:00. 1G - 2H
23:00. 1H - 2G

2 iyul

05:00. "Borussiya" (Dortmund, Almaniya) - "Monterrey" (Meksika).