BAKI. 16 iyun. TELEQRAF

Futbol üzrə klublararası dünya çempionatında daha bir oyun keçirilib.

Teleqraf xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi Fransa PSJ-si İspaniyanın "Atletiko Madrid" komandası ilə üz-üzə gəlib.

ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərindəki "Rouz Boul" stadionunda təşkil olunmuş qarşılaşma Paris komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı 19-cu dəqiqədə Fabian Ruis açıb. 45+1-ci dəqiqədə Vitinya fərqi artırıb.

PSJ daha 2 qolu fasilədən sonra vurub. 87-ci dəqiqədə Senni Mayulu üçüncü, 90+7-ci dəqiqədə penaltidən Li Kan İn dördüncü qolu vurub.

"Atletiko"dan 58-ci dəqiqədə Xulian Alvares 58-ci dəqiqədə qol vursa da, VAR sisteminə müraciət olunduqdan sonra hesaba alınmayıb. 78-ci dəqiqədə isə Kleman Lanqle ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Qeyd edək ki, B qrupunun "Botafoqo" (Braziliya) - "Sietl Saunders" (ABŞ) görüşü Bakı vaxtı ilə gecə saat 06:00-da başlanacaq.