BAKI, 16 aprel. TELEQRAF"

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Teleqraf-a müsahibə verib.

Klub rəhbəri həm komandanın növbəti mövsüm Premyer Liqaya yüksəldikdən sonrakı planları, həm də AFFA-dan ayrılan maddi dəstəklə bağlı maraqlı açıqlamalar verib.

- Komandanız Premyer Liqaya vəsiqə qazandı. “Qəbələ” məğlubiyyətsiz çempion olmağa yaxındır. Mövsümün əvvəlində qarşıya bu cür hədəf qoyulmuşdu?

- Konkret olaraq, məğlub olmadan çempion olmaq fikri olmayıb. Mövsümün əvvəlində komandanın qarşısına I Liqanın çempionu olmaq vəzifəsi qoyulmuşdu. Əsas məqsədə vaxtından əvvəl çatmağımız xoş oldu. Komanda çempion olmaq üçün də mübarizəni davam etdirir.

- Digər komandalar “Qəbələ”ni məğlub edə bilməməsini elita klubu olması ilə əlaqələndirirlər. Bu, həqiqətən belədir, yoxsa yayda edilən dəyişikliklər öz effektini verdi?

- Cari mövsüm “Qəbələ”nin qarşıya qoyulan məqsədə çatmağının asan başa gəlməyəcəyini bilirdik. Çünki bu hədəf uğrunda bir neçə klub mübarizə aparırdı. Məğlub olmadan irəriləməyimizin səbəbi isə yalnız komandanın işə məsuliyyətlə yanaşması və çəkilən əziyyətdir. Əlbəttə, burada məşqçilər heyətinin təcrübəsi də az rol oynamadı.

- Baş sponsor "Gilan" “Qəbələ”nin elitaya daha tez vəsiqə qazanmasını necə qarşıladı: Klubun büdcəsində növbəti mövsüm hansı dəyişikliklər olacaq?

- Təbii ki, Premyer Liqa ilə I Liqa klublarının büdcələri arasında böyük fərq var. Biz də büdcəmizi Premyer Liqa klubları ilə ayaqlaşa biləcək səviyyəyə gətirməliyik. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.

- Həmçinin, AFFA-nın Hesabat Konfransında bildirildi ki, növbəti mövsüm 12 komandanın iştirakına görə elita klublarına ayrılan məbləğ 2,5 milyon manata düşəcək. Bunun klublara necə təsir göstərəcəyini düşünürsünüz?

- Futbolun inkişafı üçün əsas amillərdən biri kütləviliyinin artırılması və coğrafiyasının genişləndirilməsidir. Komanda sayının artırılması bu baxımdan təqdirəlayiqdir. Amma heç kimə sirr deyil ki, bu kütləviliyə və inkişafa nail olmanın əsas şərtlərindən biri kifayət qədər maliyyə dəstəyinin olmasıdır. Bu baxımdan, maliyyənin aşağı düşməsi, fikrimcə, klubların işini bir az çətinə salacaq. Düzdür, bildiyimə görə, AFFA bu azalmanı əlavə maliyyə mənbəyinin tapılmaması ilə izah edir. Azalma ilə bağlı yaranacaq çətinlikləri aradan qaldırmaq üçün isə klublara tövsiyə olunur ki, əlavə maliyyə mənbələri tapmağa çalışsınlar. AFFA kimi böyük dəstəyi olan qurum lazımi mənbəyi tapmaqda çətinlik çəkirsə, bu, klublar üçün ikiqat çətin olacaq.

- Bu yaxınlara qədər AFFA-nın ötən mövsüm “Qəbələ” üçün nəzərdə tutulan 700 min manatı ödəmədiyi deyilirdi. Ödəniş hələ də edilməyib?

- AFFA bu məbləği akademiyamızın və infrastrukturun inkişafı üçün ayırıb. Odur ki, həmin vəsait məhz bu yöndə xərclənəcək. Bəli, müəyyən səbəblərə görə ödəniş gecikirdi. Lakin hazırda pulun bir hissəsi köçüb. Qalan hissəsi də yaxın zamanlarda köçəcək.

- Ötən mövsüm Premyer Liqaya yüksələn “Şamaxı” cari mövsüm elitada qalmaq üçün mübarizə apardı. “Qəbələ”nin də 2025/2026 mövsümündə hədəfi belə olacaq, yoxsa əvvəlki kimi avrokuboklar üçün mübarizə aparacaqsınız?

- “Qəbələ” demək olar ki, Premyer Liqada çıxış etdiyi hər dönəmdə ciddi uğurlar üçün mübarizə aparıb. Növbəti mövsüm də əvvəlki illərdə olduğu kimi “Qəbələ”nin adına layiq çıxış etməyə çalışacağıq.

- Təcrübəli oyunçuların çoxu ötən mövsüm komandadan ayrıldı. Kapitan Asif Məmmədov isə elitaya yüksəldikdən sonra karyerasını bitirməyi planlaşdırdığını açıqlamışdı. Onun klubda qalıb işləməsi məsələsində hər hansı ortaq məxrəcə gəlmisinizmi?

- Bu barədə Asiflə hələ ki, danışığımız olmayıb. Çempionat başa çatdıqdan sonra futbolçu və məşqçi ilə bunu müzakirə edəcəyik.

- “Qəbələ” I Liqada məşqləri də öz stadionunda keçirir. Belə söz-söhbətlər var ki, növbəti mövsüm də komanda Qəbələdə məskunlaşacaq. Əvvəlki illərdə olduğu kimi, məşqləri Bakıda keçirəcəksiniz, yoxsa yenilik olacaq?

- Qəbələdə mövcud olan infrastrukturdan, bazadan istifadə etmək komandamızın inkişafı üçün vacibdir. Məşqçilərimizin də oradakı şəraitdən çox xoşu gəlir. İlkin söhbət zamanı belə bir məsələ müzakirə olunub. Bəzi problemlər olsa da, bu vəziyyəti idarə etməyə çalışacağıq.

- Mövsümün əvvəlində Roman Qriqorçukun "Neftçi"yə baş məşqçi təyinatını onun “Qəbələ”dəki nəticələri nəzərə alınaraq, hamı uğurlu saysa da, o, gözləntiləri doğrultmadı. Klub prezidenti olaraq, bunu nə ilə əlaqələndirərdiniz? Onun baş məşqçi kimi fəaliyyətini müsbət, yoxsa mənfi dəyərləndirirsiniz?

- Hər klubun öz strategiyası var. Bu səbəbdən, Qriqorçukun “Neftçi”dəki fəaliyyəti ilə bağlı fikir bildirmək doğru olmaz. Lakin Qriqorçuk haqqında ən xoş sözləri deyə və “Qəbələ”də göstərdiyi nəticələrə görə ona, sadəcə, minnətdarlıq edə bilərəm.

- Növbəti mövsümdən legioner limitinin ləğvi “Qəbələ”yə necə təsir göstərəcək? Rəqabət mühitində akademiyanın əvvəlki kimi fəaliyyətini qorumaq çətin olmayacaq?

- Limit məsələsində hansısa konkret uğurlu formul yoxdur. Hansı halda yaxşı, hansı halda pis olacağını demək olmaz. “Qəbələ” futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olsa da, legionersiz rəqabət aparmaq çətindir. Cari mövsüm komandamızın əksər üzvləri akademiyamızdan çıxmış futbolçular idi. Premyer Liqada da işimizi keyfiyyətli legionerlər dəvət etməklə yanaşı, gənclərin inkişafına nail olacaq şəkildə qurmağı düşünürük.