BAKI, 22 mart. TELEQRAF

Fransa milli komandasının və Türkiyənin "Qalatasaray" klubunun keçmiş futbolçusu Frank Riberi 2013-cü ildə ədalətsizliklə üzləşdiyini bildirib.

Teleqraf xəbər verir ki, veteran hücumçu “L'Équipe” nəşrinə açıqlamasında 12 il əvvəl Almaniya "Bavariya"sında ikən özünün "Qızıl top" mükafatını qazanmalı olduğunu iddia edib.

“Mükəmməl mövsüm keçirmişdim. Daha artığını edə bilməzdim. Bu "Qızıl top" mükafatı tarixdə ədalətsizlik kimi əbədi qalacaq. Hələ də bunun məntiqli izahını axtarıram. Səsvermənin bitmə tarixinin iki həftədən çox uzadıldığını başa düşə bilmədim. Lionel Messi və Kriştianu Ronaldu həmişə mənə hörmətlə yanaşıblar. Onlarla eyni səviyyədə olduğumu bilirdilər. 2013-cü ildə onlar məndən yaxşı deyildilər", - deyə Riberi bildirib.

Qeyd edək ki, “Qızıl top-2013" səsverməsinin nəticələrinə görə, Frank Riberi üçüncü yeri tutub. Mükafatı İspaniya "Real Madrid"inin sabiq hücumçusu Kriştianu Ronaldu qazanıb. "Barselona"nın keçmiş üzvü Lionel Messi isə ikinci olub.