
BAKI, 27 fevral. TELEQRAF
“AFFA-nın Nizamnaməsindəki bir çox bənd Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Buna görə də bütün hüquqi vasitələrdən istifadə edəcəyik ki, bu kimi məsələlərdə idmançıların hüquqları pozulmasın. Artıq İntizam Komitəsi qərar verərkən iki dəfə düşünməlidir".
Bu sözləri Teleqraf-a açıqlamasında tanınmış hüquqşünas Elcan Həsənli 2017-ci ildə ömürlük futboldan uzaqlaşdırılan Azərbaycan milli komandasının sabiq futbolçusu Mirhüseyn Seyidovla AFFA arasında davam edən məhkəmə prosesi barəsində danışarkən deyib.
Futbolçunun vəkili proseslərin AFFA tərəfindən birbaşa qanunsuz yolla aparıldığını iddia edib: “Hər hansı rəsmi qərar olmadan, sadəcə, kiminsə sifarişi ilə adamları futboldan uzaqlaşdıra bilməzsiniz. Seyidovdan mənə şikayət daxil oldu və 2024-cü ilin sonunda məcbur qalaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etdik. Hazırda Bakı Şəhər Xətai rayon məhkəməsində işə baxılır. Əsas mahiyyət bundan ibarətdir ki, AFFA şəxslərin ömürlük futboldan uzaqlaşdırılması üçün qərarlar qəbul edir, amma yekunda müəyyən olunur ki, onların ömürlük uzaqlaşdırılması üçün hüquqi əsas - İntizam Komitəsinin qərarı heç vaxt olmayıb. 7 il keçməsinə baxmayaraq, qərar rəsmən futbolçuya verilməyib. Sadəcə, saytda bir məlumat yerləşdiriblər ki, siz futboldan uzaqlaşdırılmalısınız. Amma hadisə və faktlar necə olub, bu barədə ətraflı heç yerdə məlumat yoxdur. Çünki 2018-ci ildə qərardan bir neçə ay sonra hüquq-mühafizə orqanları rəsmən bildirib ki, futbolçu bu əməli törətməyib. Lakin federasiya bu günə qədər öz qərarını dəyişdirməyib".
Onun sözlərinə görə, AFFA futbolçunun danışılmış oyunlarda iştirak etdiyini söyləsə də, bu, əsassız qərardır: Azərbaycanda bir çox futbolçunun futbol həyatı beləcə məhv edilir. Halbuki, onlar bu əməli törətməyiblər. Fakt sübuta yetirildikdən sonra da həmin qərarlar AFFA tərəfindən ləğv edilmir. Bu, böyük bir qanunsuzluq yaradır. Ümumiyyətlə, AFFA-nın hüquq orqanları, xüsusilə də İntizam Komitəsi təəssüf ki, prosedur qaydalarına uyğun fəaliyyət göstərmir. Qaydalar onu deyir ki, İntizam Komitəsi qərar verməlidir və bu qərar yazılı formada olmalıdır. Amma İntizam Komitəsi şifahi qərarlar verir, bunu sadəcə, saytda dərc etdirir. Nəticədə futbolçular böyük mənada zərər görürlər. Bu da ciddi məsələdir”.
E.Həsənli həm də istəyinin danışılmış oyunlarda iştirak faktlarına qarşı düzgün mübarizə aparılması olduğunu vurğulayıb: “AFFA bu kimi məsələlərdə əsasən futbolçuların hüquqlarını ciddi şəkildə pozur. Seyidovla böyük mübarizəyə çıxmışıq. Proseslərin sonunda nə qərar veriləcəyini bilmirik. Hər bir halda məsələni qaldırmağımız AFFA-nın hüquq orqanlarındakı qanun pozuntusunu ictimaiyyətə çatdırılmasına kömək edəcək. Hər kəs biləcək ki, bu proseslər belə işləmir. Həmin insanların yeganə gəlir mənbəyi futboldur. İdmançının həmin illərdə nə üçün susduğunu bilmirəm. Hüquqda iddia müddəti var ki, 10 il ərzində o məsələni istənilən vaxt mübahisələndirə bilərlər. Bu, onların hüququdur. Bu gün oyunçunun əlində hüquq-mühafizə orqanının qərarı var ki, bu əməli törətməyib. Azərbaycanda danışılmış oyunlar çox ciddi məsələdir. Buna qarşı hüquqi məsələ də çox ciddi aparılmalıdır. AFFA düzgün müdafiə və hüquqi sənədlər əldə etməlidir. Yoxsa, bu gün sadəcə futbolçunun izahatı və özünün etirafı ilə ömürlük uzaqlaşdırma ağır qərarlardır. Seyidovun məhkəmə prosesi bir neçə aya yekunlaşacaq”.
Qeyd edək ki, Azərbaycan millisinin və “Keşlə” klubunun sabiq futbolçusu Mirhüseyn Seyidov 2017-ci ildə futboldan ömürlük olaraq uzaqlaşdırılıb. Səbəb isə AFFA İntizam Komitəsinin onu oyun alqı-satqısında günahlandırması olub.