BAKI, 29 avqust. TELEQRAF

Nepalda baş verən dağıdıcı daşqın və sel uçqunları zonasında itkin düşən Ukrayna vətəndaşlarının sayı yerli polisin məlumatına görə 64 nəfərə yüksəlib.

Teleqraf "Ukrainska Pravda"ya istinadla xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi isə 56 nəfərin itkin düşməsini dəqiq təsdiqlədiyini, digər rəqəmlərin yoxlanıldığını açıqlayıb.

Diplomatlar xilasetmə xidmətləri və turoperatorlarla daimi təmasdadırlar. Ərazidə axtarış işlərinə 2 mindən çox xilasedici və 300-dən çox ağır texnika cəlb olunub, lakin qatı duman və yolların tamamilə dağılması əməliyyatları çətinləşdirir. Fəlakət zonasında rabitə kəsildiyi üçün Ukrayna səfirliyinin təşəbbüsü ilə İnterpol vasitəsilə peyk geolokalizasiya operatoruna rəsmi müraciət ünvanlanıb. Məqsəd itkin düşən şəxslərin üzərində olan cihazların fəlakətdən əvvəl qeydə alınmış son koordinatlarını təyin etməkdir.

Xatırladaq ki, Nepal-Tibet sərhədində baş verən qəfil daşqına güclü zəlzələnin törətdiyi nəhəng qar uçqununun çay yataqlarını doldurması səbəb olub.