BAKI, 5 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) xalqı üçün mühüm əhəmiyyət kəsb edən bütün məsələlərdə Ermənistana dəstəkləməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə "Armenpress" agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.

Jurnalistin Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda Brüsselin hansı addımları atacağı ilə bağlı sualına cavab verən Aİ rəsmisi Rusiyanı tənqid edib:

"Ermənistan suveren, demokratik və müstəqil ölkədir, öz yolunu və tərəfdaşlarını seçmək hüququna malikdir. Rusiyanın yaxınlaşan parlament seçkiləri ərəfəsində Ermənistan xalqına təzyiq göstərmək cəhdlərini görürük və bu cəhdlər getdikcə intensivləşir. Rusiya hazırda ticarətdən Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlərinə qarşı siyasi silah və təzyiq vasitəsi kimi istifadə edir. Seçilən zaman təsadüfi deyil. Rusiyanın bu həlledici məqamda Ermənistan iqtisadiyyatına zərər vurmağı hədəfləməsi təəccüblü deyil".

A.Hipper vurğulayıb ki, Avropa İttifaqı etibarlı tərəfdaşdır və İrəvana dəstəyini əsirgəməyəcək.