BAKI, 6 fevral. TELEQRAF

Avropa İttifaqının Genişlənmə məsələləri üzrə komissarı Marta Kos Türkiyəyə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz sosial media hesabında paylaşım edib.

Prezident Administrasiyasında baş tutan görüşdə tərəflər Ankara-Brüssel münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Cevdet Yılmaz vurğulayıb ki, Türkiyə-Aİ əlaqələri strateji xarakter daşıyır və bu münasibətlərdə etibarlı, ədalətli genişlənmə siyasəti prinsipial əhəmiyyət kəsb edir:

"Ədalətli və etibarlı genişlənmə siyasəti çərçivəsində tərəflər arasında artıq konkret irəliləyişlərə ehtiyac var. Türkiyənin Aİ-yə tam üzvlük prosesi, Gömrük İttifaqının müasirləşdirilməsi, viza sərbəstliyi və yüksək səviyyəli dialoq kanallarının yenidən aktivləşdirilməsi Ankara üçün həyati önəm daşıyan məsələlərdir. Bu əlaqələr dar çərçivələrə sıxışdırıla bilməyəcək qədər əhəmiyyətlidir. Ankara bərabərlik, ləyaqət və qarşılıqlı maraq prinsipləri əsasında güclü Türkiyə-Aİ perspektivinin mümkünlüyünə inanır".

Görüş konstruktiv dialoq mühitində başa çatıb və tərəflər ortaq məsuliyyət çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər.