BAKI, 6 fevral. TELEQRAF
Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarının hazırda yenidən başladılması gündəmdə deyil, lakin tərəflər arasında etimadın bərpası və iqtisadi əlaqələrin dərinləşdirilməsi əsas prioritetdir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ankaraya rəsmi səfəri ərəfəsində bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə və onun nəticələri Avropanın, xüsusilə də Qara dəniz regionunun geosiyasi reallıqlarını kökündən dəyişəcək:
"Bu yeni şəraitdə Türkiyə Brüssel üçün əvəzolunmaz strateji tərəfdaşa çevrilir. Tərəflər münasibətlərə yeni prizmadan baxmalı və daha möhkəm tərəfdaşlıq modelləri qurmalıdırlar".
Qeyd edək ki, Avropa Komissiyası yaxın günlərdə Türkiyə, Mərkəzi Avropa və Cənubi Qafqazı birləşdirən genişmiqyaslı tədqiqat sənədini təqdim edəcək. "Regionlararası qarşılıqlı fəaliyyətin təşviqi" adlanan bu proqramda Şərq və Qərb arasında nəqliyyat və ticarət dəhlizlərinin inkişafı, logistik imkanların genişləndirilməsi və lazımi investisiya həcmləri əks olunacaq.