BAKI, 15 oktyabr. TELEQRAF

Fələstin hərəkatı HƏMAS-ın tərəfdarları israilli girovların cəsədlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriblər.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, cəsədlərin təhvili Qəzza şəhərində eyni adlı Fələstin anklavının inzibati mərkəzində baş tutub. Hazırda Qırmızı Xaç maşınları İsrail ordusunun mövqelərinə doğru hərəkət edir.

İsrail Müdafiə Ordusunun nümayəndəsi Avixay Edri sosial şəbəkə "X"də bildirib ki, HƏMAS Qırmızı Xaça dörd girovun qalıqlarını təhvil verib. O, radikal qrupun bütün əsirlərin geri qaytarılması üçün razılaşmanın şərtlərini yerinə yetirməli olduğunu vurğulayıb.

Hazırda təhvil verilən cəsədlərin sayı və şəxsiyyətləri barədə rəsmi məlumat açıqlanmayıb.