BAKI, 13 oktyabr. TELEQRAF
Bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək beynəlxalq Qəzza sülh sammitində Azərbaycan da iştirak edəcək.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, sammitdə 20-dən çox ölkənin liderlərinin iştirakı nəzərdə tutulub.
Toplantının əsas məqsədi Qəzzada müharibəyə son qoymaq və Yaxın Şərqdə sabitlik və təhlükəsizlik üçün yeni mərhələyə keçidi təmin edən razılaşmanı yekunlaşdırmaqdır.
ABŞ, Misir, Qətər və Türkiyə Tramp administrasiyasının hazırladığı 20 maddəlik “Qəzza sülh planı”nın əsas prinsipləri üzərində razılığa gəlməyi hədəfləyir. Plan HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada yeni idarəetmə orqanının yaradılmasını nəzərdə tutur.
Sammitə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövlətinin başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Kipr Prezidenti Nikos Kristodulides qatılacaq.
Böyük Britaniya, Almaniya, İtaliya, Pakistan, Macarıstan, İraq, İspaniya, Yunanıstan, Ermənistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin baş nazirlər səviyyəsində iştirakı gözlənilir.
İsrail və HƏMAS sammitə qatılmayacaq. BMT Baş katibi Antonio Quterreş və Avropa Şurasının Prezidenti Antonio Kosta da toplantıda iştirak edəcək.
Ekspertlər hesab edir ki, sammit regionda İsraillə normallaşma istiqamətində daha geniş diplomatik prosesin başlanğıcı ola bilər.