BAKI, 8 oktyabr. TELEQRAF
İsveç hüquq müdafiəçisi Qreta Tunberq İsraildə həbsdə olduğu zaman özünə və digər aktivistlərə işgəncə verildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
O, gördüyü işgəncələrin detallarını açıqlamayıb, amma həbs müddətində ona təmiz su verilmədiyini, digər aktivistlərin isə həyati əhəmiyyətli dərmanlardan məhrum edildiyini bildirib.
Sumud donanması sentyabrın ortasında Tunis sahillərindən Qəzza sektoruna yola düşüb, lakin İsrail bütün gəmiləri ələ keçirib.
4 oktyabrda "The Guardian" Tunberqin həbsdə çarpayıda bitlərlə dolu kamerada saxlanıldığını, ona kifayət qədər su və yemək verilmədiyi barədə məlumat yaymışdı.
İsrail Xarici İşlər Nazirliyi isə 5 oktyabrda aktivistlərin zorakılığa məruz qalması barədə iddiaları təkzib edib.