BAKI, 12 avqust. TELEQRAF
Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Ukraynada ədalətli, davamlı sülh və təhlükəsizlik təmin etmək səylərini alqışlayıblar.
Teleqraf xəbər verir ki, bu, Aİ Şurasının yaydığı bəyanatda əksini tapıb.
Bildirilir ki, belə bir sülh beynəlxalq hüquqa uyğun olmalı, müstəqillik, suverenlik, ərazi bütövlüyü prinsiplərinə hörmət edilməli və sərhədlər zorla dəyişdirilməməlidir.
"Ukrayna xalqı öz gələcəyini azad şəkildə müəyyən etməlidir və sülh prosesi Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz".
Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi Avropa və beynəlxalq təhlükəsizliyə geniş təsir göstərir.
"Aİ ABŞ və digər tərəfdaşlarla birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcək, Rusiyaya qarşı sanksiyaları saxlayacaq və Ukraynanın Aİ-yə üzvlük yolunu dəstəkləyəcək".
Xatırladaq ki, Macarıstan bu bəyanata qoşulmayıb.