BAKI, 9 avqust. TELEQRAF
Bu görüş Prezident Donald Trampın effektiv liderliyinin daha bir nümunəsidir.
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ milli kəşfiyyatının direktoru Tulsi Qabbard “Fox News”a müsahibəsində deyib.
"Bu, həqiqətən tarixi bir gündür. Bu iki ölkə (Azərbaycan və Ermənistan - red.) 35 ildən çoxdur ki, münaqişə vəziyyətindədir. Prezident Trampın əsas məqsədi sülh gətirməkdir. Məhz onun sayəsində iki ölkə liderləri arasında indiyədək olmamış səviyyədə görüş keçirildi. Bu, Prezident Trampın effektiv liderliyinin daha bir nümunəsidir. Bu tarixi anın baş tutması üçün çox işlər görülüb. Bu, bir gecənin işi deyil", - Tulsi Qabbard söyləyib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.