BAKI, 10 iyun. TELEQRAF

ABŞ və İran arasında danışıqların növbəti raundunun iyunun 12-də keçiriləcəyi gözlənilir, lakin Vaşinqton hələlik Tehranın nüvə sazişi ilə bağlı təkliflərə verdiyi cavablardan razı deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bizim İranla cümə axşamı görüşümüz var. Gəlin cümə axşamını gözləyək", - o deyib.

"Onlar (İran hakimiyyəti - red.) sadəcə edilməsi mümkün olmayan şeyləri tələb edirlər. Onlar imtina etməli olduqları şeylərdən imtina etmək istəmirlər, onlar uranın zənginləşdirilməsi imkanını əldə etməyə çalışırlar", - ABŞ lideri iddia edib.

Trampın sözlərinə görə, İran zənginləşdirmə imkanına malik ola bilməz.

"Onlar hələ lazımi nöqtəyə çatmayıblar. Bunu demək xoşuma gəlmir, çünki alternativ fəlakətlidir", - Tramp bildirib.

"Onlar bizə saziş barədə öz fikirlərini bildirdilər. Mən isə dedim: "Bu, sadəcə qəbuledilməzdir", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.