BAKI, 6 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiyanın onlarla strateji raket daşıyıcısının məhv edilməsi ilə nəticələnən "Hörümçək toru" əməliyyatından narazıdır.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Conatan Lemeyr “The Atlantic” jurnalında yazıb.
"Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın dərinliklərində Moskvaya alçaldıcı zərbə vurdu. Kiyevin müdafiəçiləri hücumu müasir müharibənin qələbəsi və Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq kimi qəbul edirlər. Lakin bu əməliyyat Ağ Evdə qəzəbə səbəb olub", - o yazır.
Lemeyr Ağ Evdəki insayderlərə istinadən yazır ki, Tramp Ukraynanın həyata keçirdiyi əməliyyatın münaqişəni gərginləşdirə biləcəyindən məyus olub.
"Mənbələr mənə bildirdilər ki, PUA zərbələri Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı uzun müddətdir davam edən narazılığını yenidən alovlandırıb və Ağ Evdə ABŞ-nin Ukraynadan çıxıb-çıxmaması ilə bağlı yeni müzakirələrə səbəb olub", - o yazır.
ABŞ Prezidentinin müşavirlərindən biri jurnalistə deyib ki, müharibə boyunca Tramp Zelenskini "pis oğlan" və dünyanı Üçüncü Dünya müharibəsinə sürükləyən biri hesab edib.
"Müşavirinin sözlərinə görə, Tramp zərbələrin cəsarətindən təəccüblənib, lakin hesab edir ki, Zelenski Ukrayna ilə Rusiya arasında İstanbulda keçirilən danışıqlara diqqət yetirməli idi", - Lemeyr yazır.
Jurnalistin fikrincə, "qıcıqlanmış" Tramp Rusiya-Ukrayna müharibəsindən uzaqlaşmaq barədə düşünür. ABŞ Prezidentinin dünən Putinlə söhbət zamanı mövzunu dəyişməyə və İranın nüvə proqramı probleminə diqqət yetirməyə çalışması ehtimal ki, bundan xəbər verir.