BAKI, 4 iyun. TELEQRAF
İran Amerika Birləşmiş Ştatları (ABŞ) ilə nüvə proqramı sazişini öz ərazisində uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun yaradılması ideyası ətrafında qurmağa hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” nəşri yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
"Əgər konsorsium İran ərazisində fəaliyyət göstərərsə, bu məsələni nəzərdən keçirməyə dəyər. Lakin, əgər o, ölkə sərhədlərindən kənarda yerləşərsə, bu ideya, şübhəsiz ki, uğursuzluğa məhkumdur", - İran rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun çıxış etdiyi bu təklifdə konsorsiumun harada yerləşə biləcəyi aydın şəkildə göstərilmir.
Konsorsiuma ABŞ, İran və Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Türkiyə kimi ölkələrin daxil ola biləcəyi bildirilir.
O, mülki nüvə proqramlarını inkişaf etdirmək istəyən ölkələri nüvə yanacağı təchiz edəcək və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişləri tərəfindən monitorinq ediləcək.