BAKI, 23 may. TELEQRAF
Azərbaycanda qəfəsdə saxlanılan ayılar Benji və Balu Böyük Britaniyada yeni həyata başlayır.
Teleqraf xəbər verir ki, bu barədə İngiltərənin "Wildheart Animal Sanctuary" adlı heyvan müdafiə təşkilatı məlumat yayıb.
Məlumata görə, iki boz ayı-Benji və Balu adlı ayılar Azərbaycanda bir restoranın dar qəfəsində, çətin şəraitdə saxlanılırmış. Ayılardan müştəriləri cəlb etmək məqsədilə "canlı attraksion" kimi istifadə olunub. Təşkilat ayıların fiziki və psixoloji travmalara məruz qaldığını bildirir.
"Wildheart Animal Sanctuary" adlı heyvan müdafiə təşkilatının təşəbbüsü ilə Benji və Balu Böyük Britaniyada, Vayt adasında yerləşən heyvan sığınacağına köçürülüb.
Təşkilatdan bildirib ki, ayıların quru, dəniz və ya dəmir yolu ilə daşınması onlara əlavə stress yaradacağından onlar hava yolu ilə Lüksemburq mənşəli yükdaşıma şirkəti tərəfindən Böyük Britaniyaya göndərilib.
Yeni mühitdə Benji və Balu artıq 3500 kvadratmetrlik geniş bir ərazidə otlaqlar, ağaclar, gölməçələr və qış yuxusu üçün mağaralarla təchiz olunmuş sığınacaqda yaşayacaq. Bu ərazinin tikintisi ictimaiyyətin 150 min funt sterlinq (təxminən 343 min manat) həcmində etdiyi ianələr hesabına başa çatdırılıb.
Hazırda ayılara ixtisaslaşmış baytarlar və heyvan baxıcıları nəzarət edir. Mütəxəssislər onların yeni şəraitə uyğunlaşması və bərpası üçün xüsusi proqramlar həyata keçirir.
Ayıların Azərbaycanda hansı restoranda saxlanılması, hansı əsaslarla "Wildheart Animal Sanctuary" təşkilatına verilməsi barədə məlumat verilmir.