BAKI, 17 may. TELEQRAF
İstanbul görüşü Ukraynada müharibənin dayandırılması baxımından böyük uğurla nəticələnməsə də, Rusiya Prezidenti Vladimir Putin üçün simvolik qələbə oldu.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin bu görüşə həsr olunmuş məqaləsində deyilir.
Məqalədə vurğulanır ki, Rusiya Ukrayna və onun Avropadakı müttəfiqlərinin danışıqlar üçün ilkin şərt kimi irəli sürdüyü 30 günlük atəşkəs tələbini qəbul etməkdən imtina edib.
"Rusiya lideri ABŞ prezidenti ilə zərif balanslaşdırma ilə məşğul idi. Görünür, o, Trampın rəğbətini itirməmək üçün sülh danışıqlarının aparılmasını dəstəkləyir, eyni zamanda mahiyyətcə Ukraynanın təslim olmasına bərabər olan şərtlərdə israr edir", - məqalədə deyilir.
Jurnalistlərin fikrincə, görüşün nəticəsi, çox güman ki, Ukrayna Prezidenti Volodimir Zelenski üçün uğursuzluq kimi qiymətləndiriləcək.
"Vəziyyət dalana dirənir! Görünür, Tramp "Putin ilə şəxsən görüşməsəm, heç nə baş verməyəcək" deməklə ABŞ-Rusiya sammitinə yol açır. Danışıqların tempinin aşağı olmasından getdikcə daha çox narahatlıq keçirən ABŞ prezidenti rusiyalı həmkarı ilə görüşəcəyinə ümid edir. Kiyev isə danışıqlardan kənarda qalacağından ehtiyat edir.
Qeyd olunur ki, Zelenski sülhə hazır olduğunu nümayiş etdirmək üçün ABŞ-nin müxtəlif tələblərini yerinə yetirib. Lakin Trampın ABŞ-Rusiya sammitinin münaqişənin həlli üçün yeganə çıxış yolu olması barədə son şərhi onun ABŞ liderinin düşüncəsinə təsir edə bilmədiyini göstərir. ABŞ Prezidentinin Putin ilə görüşmək istəyi rəsmi Kiyevin və onun Avropadakı müttəfiqlərinin Trampın uğursuz danışıqlardan sonra sərt sanksiyalar tətbiq edəcəyinə dair ümidlərini puç etdi.