BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Ukraynadan Rusiya ilə dərhal danışıqlara başlamaq tələbi Avropanın Kremlə qarşı yeni sanksiyaların tətbiqi üçün səylərini təhlükə altına qoyub.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri Avropa İttifaqının diplomatlarına istinadən yazır.
Onlar hesab edirlər ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ liderinin xətrinə dəyməmək üçün İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara razılaşmalı olub:
"Putin bu təklifi ABŞ Prezidentini özündən uzaqlaşdırmamaq və Trampa Avropanın artan təzyiqlərindən qurtulmaq imkanı yaratmaq üçün etdi. Qərb diplomatları deyirlər ki, Trampın Rusiya lideri ilə əlbir olduğunu düşünmək üçün əsasları yoxdur".
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Polşanın Baş naziri Donald Tusk Trampa təzyiq göstərmək və onu Rusiyanın sadəcə vaxt uzatdığını etiraf etməyə məcbur etmək üçün Ukraynaya gəliblər, buna görə də yeganə çıxış yolu iqtisadi sanksiyaların tətbiqidir. Bu addımla Ağ Ev Putinin müharibəni dayandırmaq istəməməsini qəbul etmiş olardı.
Avropa XİN rəhbərləri Londonda keçirilən görüş zamanı Trampın təsir imkanlarının əhəmiyyətini açıq şəkildə azaltmağa çalışıblar və bildiriblər ki, tam atəşkəs olmadan sülh danışıqları başlaya bilməz.