BAKI, 13 may. TELEQRAF
ABŞ İranın üç fiziki və bir hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
ABŞ administrasiyasının versiyasına görə, Tehran "öz nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirməyə davam edir", eləcə də "nüvə silahında və çatdırılma sistemlərində istifadə olunan" ikili təyinatlı məhsulların işlənib hazırlanması sahəsində nailiyyətlər əldə etməyə çalışır. Eyni zamanda, sənəddə iddia olunur ki, İran "xarici təchizatçılardan ikili təyinatlı məhsullar əldə etmək məqsədilə saxta şirkətlərdən və agentlərdən istifadə edir".
Sanksiyalar siyahısına “Fuya Pars Prospective Technologists” şirkəti, eləcə də İranın Müdafiə Nazirliyi yanında Tədqiqatlar və İnnovasiyalar Mərkəzi ilə əlaqəli olduğu iddia edilən üç İran vətəndaşı daxil edilib. Məlumata görə, məhdudiyyətlər İranın "nüvə silahı sahəsində fəaliyyətini yavaşlatmaq" məqsədi daşıyır.
Qeyd edək ki, sanksiyalar siyahısına daxil edilən şirkət və şəxslərin ABŞ-də olan aktivləri dondurulur, həmçinin ABŞ vətəndaşlarının və şirkətlərinin onlarla biznes aparması qadağan edilir.