
BAKI, 21 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp regional siyasətində Türkiyə ilə birlikdə işləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi bildirib.
Onun sözlərinə görə, bu təklif iki ölkənin liderləri arasındakı son telefon danışığında ABŞ tərəfindən verilib.
“Prezident Ərdoğanla Tramp arasında telefon danışığında mühüm bir cümlə işlədilib. Tramp Ərdoğana deyib ki, regional siyasətimizdə sizinlə birlikdə işləyəcəyik.
ABŞ prezidenti Ankaraya yeni səfir təyin etdiyini və başqa birinə ehtiyac olmadan onun vasitəsilə birbaşa və sürətli əlaqənin qurulmasının mümkün olacağını da bildirib.
Trampın Ankaraya təyin etdiyi səfir Tomas Barakın tariximizlə bağlı keçmişi var. 1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-yə köçmüş livanlı xristian ailəsinin üzvüdür. Yəni ailəsinin kökü Osmanlı vətəndaşlığına söykənir”, - Selvi bildirib.
Xatırladaq ki, Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı martın 16-da baş tutub.