BAKI, 20 mart. TELEQRAF

Avropa İttifaqı “dişsiz aslana” çevrilib və strateji mübarizədə amerikalılara uduzacaq.

Teleqraf xəbər verir ki, bunu Aİ sammitində iştirak etmək üçün Brüsseldə səfərdə olan Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Aİ hələ də Ukraynanı alyansa qəbul etməklə NATO-nun sərhədlərini Rusiyaya yaxınlaşdırmaq istəyir, baxmayaraq ki, ABŞ artıq bu avantürist siyasətdən əl çəkib.

"İndi amerikalılar anlayırlar ki, bu, məsuliyyətsiz bir avantüra idi, Avropa isə hələ də bu strategiyaya sadiq qalır", - Orban vurğulayıb.

Hökumət başçısı xatırladıb ki, əvvəllər Aİ və ABŞ birlikdə NATO-nun sərhədlərini Rusiyaya maksimum yaxınlaşdırmağa çalışıb və Ukraynanı Qərb hərbi sisteminə inteqrasiya edib.

Aİ-nin gələcəyinin qeyri-müəyyən olduğuna diqqət çəkən Baş nazir əlavə edib ki, Rusiya məhz NATO-nun sərhədlərinə yaxınlaşmasına cavab olaraq Ukraynada hərbi əməliyyatlara başlayıb və indi Şimali Atlantika Alyansının qüvvələrinin Ukrayna ərazisində olmamasını istəyir.

Lakin Avropa əvvəlki siyasətindən əl çəkmir və Tramp administrasiyası dövründə sülhün tərəfinə keçən ABŞ-dən strateji olaraq uzaqlaşıb: "Ancaq ABŞ-nin gücü var, Avropa İttifaqının isə yoxdur. Amerikalıların alətləri var, Aİ-nin isə yoxdur. Buna görə də Avropa İttifaqı bu gün dişsiz aslandır".