
BAKI, 20 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) müdafiəsi NATO-nu əvəz edə bilməz
Teleqraf xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.
Nazir ittifaqdaxili müqaviləyə əsasən, milli təhlükəsizliyin üzv ölkələrin səlahiyyətində olduğunu diqqətə çatdırıb.
"Bu o deməkdir ki, hər bir ölkə öz müdafiəsinə cavabdehdir və bu günə qədər xarici aqressiya halında Aİ-də kollektiv müdafiə üçün konkret hüquqi, avtomatik mexanizm mövcud deyil. Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsindən fərqli olaraq, Avropa müqaviləsi məcburi müdaxiləni nəzərdə tutmur," - Krosetto qeyd edib.
Onun sözlərinə görə, yeganə praktik kollektiv müdafiə modeli NATO-dur: “Aİ müdafiəsi nə NATO-nu əvəz edə, nə də eyni səviyyədə təhlükəsizlik təmin edə bilər".
Müdafiə xərclərinin vacib olduğunu vurğulayan nazir bildirib ki, təhlükəsizlik olmadan nə azadlıq, nə də sosial inkişaf mümkündür.
Qeyd edək ki, Aİ-də, xüsusilə ABŞ-nin Donald Tramp rəhbərliyi dövründə Avropanın müdafiəsini təmin etmək öhdəliklərinin azalması ilə bağlı narahatlıqlar fonunda ümumi müdafiə qabiliyyətinin gücləndirilməsi planları müzakirə edilir.