
BAKI, 20 mart. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ senatoru Con Fettermanı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.
Məlumata görə, görüşdə baş nazir və xanımı senator Fetterman və həyat yoldaşına müharibənin əvvəlindən İsrail dövlətinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür ediblər.
Baş nazir Netanyahu senator Fettermana Livandakı döyüşlərin gedişatını dəyişdirən əməliyyatı simvolizə edən gümüş peycer hədiyyə edib. Senator da öz növbəsində İsrailin baş nazirinə 1986-cı ildə Amerika qəzetlərindən birində Netanyahunun fotoşəkilinin olduğu nüsxəni an təqdim edib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 17 və 18-də Livanın müxtəlif yerlərində rabitə cihazları, əsasən peycerlər partlayıb. Nəticədə 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. Livanın "Hizbullah" təşkilatı partlayışlarda İsraili günahlandırıb.