
BAKI, 18 mart. TELEQRAF
Cənubi Avstraliya çimərliyində müəmmalı köpük 100-dən çox sörfçünün xəstələnməsinə, eləcə də balıq və səkkizayaqlıların ölümünə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Səlahiyyətlilər Adelaidadan təxminən 80 km cənubda yerləşən Veytpinq və Parsons çimərliklərini bağlayıblar. Müəmmalı köpüyün durğun suda yüksək temperaturun olmasından yarandığı ehtimal edilir. Bu cür iqlim şəraitində mikro yosunlar çiçəkləməyə başlayır. Bu zaman çiçəkdəki tozlar suya qarışır və köpük əmələ gətirir.
Köpüklü su sörfçülərdə bulanıq görmə, gözlərdə qaşınma, öskürək və nəfəs darlığına səbəb olub.
"Bütün sahil xətti sarı köpüklə örtülmüşdü və çimərliyin özündə isə kifayət qədər yaşıl, selikli, palçıqlı şeylər vardı" - yerli sörfçü Entoni Rovland qeyr-adi hadisəni təsvir edərkən deyib.
O, sosial şəbəkələrdə sahildəki cansız dəniz canlılarının fotolarını yayımlayıb.
Dövlət Ətraf Mühitin Mühafizəsi Departamentinin sözçüsü çimərliklərin təhlükəsizlik üçün bağlandığını və səlahiyyətlilərin araşdırma apardığını qeyd edib.
Cənubi Avstraliyada hazırda quraqlıq hökm sürür və istilik dalğaları son vaxtlar həddindən artıq şiddətlənib.