BAKI, 16 mart. TELEQRAF

Donald Trampın təşəbbüsü ilə Qrenlandiyanın ABŞ tərəfindən ilhaqı ilə bağlı müzakirələr fonunda adada kütləvi etirazlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Qrenlandiyanın "Sermitsiaq" nəşri məlumat yayıb.

Paytaxt Nuukda keçirilən etiraz aksiyasında minə yaxın adam iştirak edib. Oxşar nümayişlər Sisimiut şəhərində də keçirilib. Etirazçılar əllərində ingilis dilində “Yankilər, evə dön!” və "Biz satış üçün deyilik" şüarı yazılmış lövhələr tutublar.

Bu yaxınlarda keçirilən parlament seçkilərində qalib gələn Demokratlar Partiyasının lideri Yens-Frederik Nilsen "bir çox məsələlərdə fikir ayrılığına düşə bilərik, lakin bu məsələdə biz həmrəyik" deyə bildirib.